Telefon
WhatsApp
Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində mərdliklə vuruşaraq canlarından keçən Zaqatala rayonunun igid oğulları – Zaqatala şəhərindən olan Rəsul Süleymanlının və Mazıx kəndindən Əhməd Putiyevin şəhadətə yüksəlmələrinin üçüncü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının məsul şəxsləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, sakinlər onların məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.

Mərasimlərdə çıxış edənlər şəhidlərin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını, doğma Qarabağımızın işğaldan tamamilə azad olunduğunu vurğulayıblar.

Məktəblilər şəhidlərə, Vətənə aid şeirlər söyləyiblər.

Qeyd edək ki, Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günündən snayper kimi döyüşlərə qatılan Rəsul Süleymanlı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Əhməd Putiyev isə 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh göndər

Zəhmət olmasa bütün sahələri doldurun!